BAKI, 25 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp administrasiyası yüksək ixtisaslı xarici mütəxəssislərin ölkədə işləməsinə imkan verən H-1B vizalarının rəsmiləşdirilməsi üçün 103 min dollardan çox əlavə rüsum tətbiq etməyi təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Federal Reyestrdə dərc olunan bildirişində qeyd edilib.
Sənədə əsasən, H-1B vizası üçün müraciət zamanı 103 265 dollar məbləğində rüsumun tətbiqi təklif olunur. Bildirilib ki, bu məbləğ viza müraciəti zamanı ödənilən digər rüsumlara əlavə ediləcək.
ABŞ administrasiyası təkliflə bağlı ictimaiyyətin rəy və təkliflərini 30 gün ərzində qəbul etməyi planlaşdırır.
Qeyd edək ki, iyunda Massaçusets ştatının dairə məhkəməsi H-1B vizalarının rəsmiləşdirilməsi üçün 100 min dollardan artıq ödəniş tələb edilməsini qanunsuz hesab edərək bloklayıb. Tramp administrasiyası qərardan apellyasiya şikayəti verib.
H-1B proqramı 1990-cı ildə ABŞ Konqresi tərəfindən yaradılıb. Proqram Amerika şirkətlərinə müxtəlif sahələr üzrə yüksək ixtisaslı xarici mütəxəssisləri altı ilədək işə götürməyə imkan verir.