BAKI, 25 avqust. TELEQRAF
Pekin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxır və Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcəyini bildirir.
Teleqraf xəbər verir ki, bunu Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Çan TASS-a açıqlamasında deyib.
Diplomat ABŞ-nin İrana qarşı sanksiyalar siyahısına Çin vətəndaşları və şirkətlərini daxil etməsini şərh edərkən bildirib ki, Pekin beynəlxalq hüquqa əsaslanmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən birtərəfli sanksiyalara qəti şəkildə qarşıdır.
“Biz Çin biznesinin qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcəyik”, – səfirlik rəsmisi vurğulayıb.
Qeyd edək ki, ABŞ administrasiyası İrana qarşı sanksiyalar çərçivəsində 48 hüquqi, 24 fiziki şəxsi və 6 neft tankerini “qara siyahı”ya daxil edib.
Sanksiyalar Azərbaycan, Yunanıstan, Hindistan, İran, Çin, Malayziya, Marşall adaları, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Türkiyə, Ukrayna, Fransa və İsveçrədən olan şəxslər və şirkətləri də əhatə edir.