BAKI, 25 avqust. TELEQRAF
ABŞ İranla münaqişə zamanı həddindən artıq silah-sursat sərf edib və bununla özünü çətin vəziyyətə salıb.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton Hemptons İnstitutunda keçirilən tədbirdə deyib.
“Biz İranda çoxlu sursat sərf etdik və əlbəttə ki, Fars körfəzindəki müttəfiqlərimizə də böyük həcmdə sursat göndərdik. Buna görə də çətin vəziyyətdəyik, çünki gözlənilməz təhdidlərə adekvat cavab verə bilməyə bilərik. Özümüzü dərin bir çuxura salmışıq”, - Klinton bildirib.
Bundan əvvəl ABŞ mediası İranla münaqişə fonunda ölkənin bəzi silah ehtiyatlarının rekord dərəcədə aşağı səviyyəyə düşdüyünü yazıb.
Məlumatlara görə, söhbət “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərdən, THAAD komplekslərinin raket-ələkeçiricilərindən, həmçinin ATACMS və PrSM uzaqmənzilli raketlərindən gedir.
“The Washington Post” daha əvvəl mənbələrinə istinadən ABŞ Prezidenti Donald Trampın Pentaqon rəhbəri Pit Heqsetdən İranla qarşıdurma fonunda silah çatışmazlığı ilə bağlı izahat tələb etdiyini yazmışdı.