BAKI, 25 avqust. TELEQRAF
Suriyanın keçid hökuməti ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyinin ölkəni terrorizmi himayə edən dövlətlər siyahısından çıxarmasını alqışlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Nazirlik qərarı beynəlxalq münasibətlərdə mühüm dəyişiklik kimi qiymətləndirib və bunun ölkənin yenidən qurulması, eləcə də regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün əlverişli şərait yaratdığını vurğulayıb.
“ABŞ-nin Dəməşqə qarşı tətbiq etdiyi bütün qalan məhdudiyyətləri ləğv edəcəyini gözləyirik”, - bəyanatda qeyd olunub.
Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şeybani də daha əvvəl Vaşinqtonla strateji tərəfdaşlığın dərinləşdirilməsinə ümid etdiklərini bildirib. O, Suriyanın bərpasına və ərəb, eləcə də beynəlxalq arenada əvvəlki roluna qayıtmasına mane olan bütün məhdudiyyətlərin aradan qaldırılacağına ümid etdiyini vurğulayıb.
ABŞ Maliyyə Nazirliyi avqustun 24-də Suriyanın terrorizmi himayə edən dövlətlər siyahısından çıxarıldığını açıqlayıb. Qərarın Prezident Donald Trampın Dəməşqə qarşı sanksiyaların yumşaldılması ilə bağlı verdiyi vədə uyğun qəbul edildiyi bildirilib.