BAKI, 10 iyul. TELEQRAF

İranın Buşehr şəhərində eşidilən partlayış səsləri hava hücumundan müdafiə (HHM) sistemlərinin fəaliyyəti ilə bağlı olub.

Teleqraf xəbər verir ki, bu barədə Buşehr əyalətinin qubernator müavini Ehsan Cahaniyan bildirib.

Onun sözlərinə görə, partlayış səsləri HHM sistemlərinin vaxtında reaksiyası nəticəsində yaranıb. Cahaniyan eyni zamanda Buşehr şəhərinin kənarında yerləşən hərbi bazanın ABŞ və İsrail tərəfindən hücuma məruz qaldığını iddia edib.

Bundan əvvəl İranın Mehr agentliyi Buşehr, Çoğadək və Konarak şəhərlərində bir neçə partlayış baş verdiyini xəbər vermişdi. Məlumata görə, partlayışlardan ikisi Buşehr və ona yaxın yerləşən Çoğadək şəhəri yaxınlığında, daha üçü isə ölkənin cənub-şərqindəki liman şəhəri Konarakda qeydə alınıb.

Qətərin “Əl-Cəzirə” telekanalına danışan adı açıqlanmayan ABŞ rəsmisi isə son bir neçə saat ərzində ABŞ Silahlı Qüvvələrinin İran ərazisinə heç bir zərbə endirmədiyini bildirib.