BAKI, 9 iyul. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket və pilotsuz uçuş aparatları bölmələrinin yaxın vaxtlarda Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına genişmiqyaslı zərbələr endirəcəyi bildirilib.
Teleqraf xəbər verir ki, "NourNews" agentliyinin hərbi mənbələrə istinadən yaydığı məlumata görə, əməliyyatın yaxın dəqiqələrdə həyata keçiriləcəyi gözlənilir.
Agentlik həmçinin bildirib ki, ABŞ-nin Buşehr əyalətinə endirdiyi zərbələr nəticəsində Buşehr Atom Elektrik Stansiyasına ziyan dəyməyib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazına nəzarət imkanlarını zəiflətmək məqsədilə ölkəyə əlavə zərbələr endirildiyini açıqlamışdı. Ardınca Bəndər-Abbas, Sirik, Çabahar şəhərlərində və Buşehr əyalətinin bir sıra rayonlarında partlayışlar qeydə alınıb.