BAKI, 8 iyul. TELEQRAF
Almaniyada palliativ yardım həkimi 15 xəstəni öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.
Teleqraf "BBC News"-a istinadən xəbər verir ki, Berlin məhkəməsi 41 yaşlı kişini 2021-ci ilin sentyabrı ilə 2024-cü ilin iyulu arasında 12 qadını və üç kişini qətlə yetirməkdə təqsirli bilib.
Müstəntiqlər hesab edirlər ki, bu cinayətlər daha geniş bir silsilənin yalnız bir hissəsi ola bilər. Prokurorlar hazırda həkimin fəaliyyəti ilə əlaqəli onlarla əlavə işi araşdırırlar.
Qurbanlar 25-94 yaş arasında olublar. Məhkəmə onların hamısının ciddi xəstəliklərdən əziyyət çəkdiyini, lakin ölümlərinin qaçılmaz olmadığını müəyyən edib.
Prokurorluğun məlumatına görə, evə baş çəkərkən həkim xəstələrin razılığı olmadan onlara müxtəlif dərmanların ölümcül kombinasiyasını verib. Prokurorlar iddia edirlər ki, o, bir neçə halda cinayətləri ört-basdır etmək üçün evlərə od vurmağa cəhd edib.
2024-cü ilin iyulunda, həbsindən qısa müddət əvvəl, həkim eyni gündə iki xəstəni öldürüb.