BAKI, 8 iyul. TELEQRAF

Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşlarda miqrant işçilərin uşaqlarının yetkinlik yaşına çatdıqdan sonra ölkəni tərk etməsini və yaxud ölkədə yaşamaq, eləcə də işləmək üçün icazə almalarını tələb edən qanunu qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə "Vedomosti" parlamentin aşağı palatasına istinadən məlumat yayıb:

"Sənədə əsasən, xarici vətəndaşların yetkinlik yaşına çatmayan uşaqlarının, o cümlədən övladlığa götürülən və qəyyumluqda olanların müvəqqəti qalma müddəti onların valideyninin iş icazəsinin qüvvədə olma müddətinə uyğunlaşdırılacaq. Lakin, 18 yaşına çatdıqda, Rusiyada qalmaq üçün bu əsas qüvvədən düşəcək.

Ölkədə yaşamaq və ya qalmaq üçün başqa hüquqi əsası olmayan yetkin yaşlı əcnəbi vətəndaşdan 30 gün ərzində Rusiyanı tərk etməsi tələb olunacaq. Eyni zamanda, onlar sabit məbləğdə qabaqcadan fiziki şəxslərin gəlir vergisini ödəmək şərtilə iş patenti almaq üçün müraciət edə biləcəklər".