BAKI, 5 iyul. TELEQRAF
Fransanın Klermon-Ferran şəhərində bıçaqla silahlanmış şəxs yoldan keçənlərə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə "Ici" radiostansiyası məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 14:30 radələrində baş verib. Polis çoxsaylı şikayətlərdən sonra küçədə əlində bıçaq olan aqressiv şəxsi aşkarlayıb.
Bildirilir ki, Sudandan olan miqrant saxlanılarkən polis əməkdaşlarından birinin boyun nahiyəsinə zərbə endirməyə cəhd edib. Bundan sonra digər polis əməkdaşı hücumçuya üç dəfə atəş açıb.
Yaralanan şəxs sağ qalıb və həkimlər onun vəziyyətini stabilləşdiriblər. Polis əməkdaşları isə insident zamanı xəsarət almayıblar.
Hadisədən əvvəl hücumçunun bir neçə nəfərə bıçaqla hücum etdiyi, üç nəfərin xəstəxanaya çatdırıldığı, daha beş nəfərin isə onun tərəfindən hədələndiyi bildirilir.
Hazırda hücumun motivi məlum deyil. Faktla bağlı araşdırma Fransanın mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərlə mübarizə qurumuna həvalə olunub.