BAKI, 5 iyul. TELEQRAF
Böyük Britaniyada hərbi hissəyə aid məxfi sənədlərin zibil qutusunda aşkarlanması ilə bağlı araşdırma başlanıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Şimali Yorkşirdə yerləşən Britaniyanın ən böyük hərbi qarnizonu yaxınlığındakı zibil qutusunda məhdud girişli hərbi sənədlər aşkar edilib. Hadisədən sonra Kral Hərbi Polisi araşdırmaya başlayıb.
Məlumata əsasən, sənədlərdə hərbçilərin adları və rütbələri, silahların saxlanılması ilə bağlı məlumatlar, növbətçilik qrafikləri və həyəcan siqnallarına reaksiya protokolları yer alıb.
Sənədləri tapan yerli sakin onları aidiyyəti qurumlara təhvil verdiyini bildirib.
Qəzet qeyd edir ki, sənədlərdə hərbi hissədə baş vermiş bir sıra hadisələr, o cümlədən silah dəstinin oğurlanması, bazanın hasarında açılmış dəlik və digər insidentlər barədə məlumatlar da əks olunub.
Britaniyanın keçmiş hərbi kəşfiyyat rəsmisi, polkovnik Filip İnqram hadisəni təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması adlandırıb. Onun sözlərinə görə, bu cür sənədlər xüsusi qaydada məhv edilməli idi.
Bununla yanaşı, Britaniya ordusu bildirib ki, aparılan ilkin yoxlamaya əsasən, sənədlərdə məxfi əməliyyat məlumatları olmayıb.