BAKI, 18 iyun. TELEQRAF

Türkiyə ilə Rusiya ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərini davam etdirəcək.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 16-17-də Rusiyaya etdiyi səfərin yekunları ilə bağlı "X" sosial şəbəkəsində yazıb.

Fidan bildirib ki, Türkiyə-Rusiya münasibətləri Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin siyasi iradəsi, həmçinin güclü iqtisadi və humanitar əlaqələr əsasında inkişaf edir və beynəlxalq təhlükəsizlik, sabitlik və rifah baxımından mühüm əhəmiyyət daşıyır.

Nazirin sözlərinə görə, səfər çərçivəsində Moskvada və Kazanda çoxsaylı görüşlər keçirilib, ikitərəfli münasibətlər və regional məsələlər ətraflı müzakirə olunub.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mesajlarını çatdırıb. Həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi İqor Levitin, Ukrayna üzrə baş danışıqçı Vladimir Medinski, "Rosneft"in rəhbəri İqor Seçin, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukovla görüşlər keçirildiyini bildirib.

Hakan Fidan vurğulayıb ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə başa çatacağına ümid edir və növbəti görüşlərin təşkil edilməsi də daxil olmaqla, hərtərəfli dəstək göstərməyə hazırdır.

Nazir əlavə edib ki, Ankara Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri də dəstəkləyir və "3+3" regional əməkdaşlıq platformasının bu baxımdan böyük potensiala malik olduğunu hesab edir.