BAKI, 18 iyun. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makronla ABŞ Prezidenti Donald Trampın Versal sarayında keçirilən rəsmi şam yeməyi Donald Trampın Parisə gec çatması səbəbindən təxminən üç saat gecikmə ilə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti G7 sammitində iştirak etdiyi Evian-le-Ben şəhərindən Parisə planlaşdırılandan gec gəlib. Bu səbəbdən Orli hava limanında bəzi müntəzəm reyslərin qəbulu təxirə salınıb, hava limanından Versala gedən magistral yol isə müvəqqəti bağlanıb.

Versal sarayında Donald Trampı Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricit Makron qarşılayıblar.

Şam yeməyinin menyusuna müxtəlif növ donuz əti qəlyanaltıları, Luara vadisindən gətirilmiş qulançar, "Burbonnez" üsulu ilə hazırlanmış toyuq, Fransanın müxtəlif bölgələrindən pendirlər və şokoladlı tort daxil edilib.

Məlumata görə, qonaqlara fransız şərablarının təqdim olunub-olunmayacağı açıqlanmayıb. Donald Trampın isə spirtli içki qəbul etmədiyi və kola içməyə üstünlük verdiyi qeyd olunub.

Şam yeməyi ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunub. Tədbirin Versal sarayında keçirilməsi təsadüfi seçilməyib. Belə ki, 1783-cü il sentyabrın 3-də ABŞ ilə Böyük Britaniya arasında Müstəqillik müharibəsinə son qoyan sülh müqaviləsi məhz burada imzalanıb.