BAKI, 16 iyun. TELEQRAF

Beynəlxalq Futbol Federasiyası (FİFA) ABŞ Prezidenti Donald Trumpın 2026-cı il dünya çempionatının qaliblərinə kuboku təqdim etdikdən sonra komanda ilə birlikdə podiumda qalmasına etiraz etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə "TalkSport" portalı məlumat yayıb.

Məlumata görə, FİFA-nın mövcud protokoluna əsasən, mükafatlandırma mərasimində kubok əvvəlcə xüsusi postamentdə saxlanılır, daha sonra qalib komandanın kapitanı onu götürərək komanda yoldaşlarının yanına aparır.

Lakin portalın yazdığına görə, FİFA Trampın bu protokoldan kənara çıxmasına qarşı deyil.

Bildirilir ki, ABŞ prezidentinə artıq dünya çempionluğu kubokunu qalib komandanın kapitanına təqdim etməsinin arzu olunduğu çatdırılıb. Mükafatlandırma mərasiminə ev sahibi ölkələrdən olan Meksika və Kanadanın nümayəndələrinin də dəvət ediləcəyi qeyd olunur.

Mənbələrin sözlərinə görə, FİFA Trampa mərasim zamanı qalib komanda ilə podiumda qalmaq və ya digər rəsmi şəxslərlə birlikdə dayanmaq seçimini özü etmək imkanı verəcək.

Ağ Evdəki mənbələr isə hesab edirlər ki, Tramp ötən il olduğu kimi yenidən çempion komanda ilə birlikdə qələbəni qeyd etməyə üstünlük verəcək. O, 2025-ci ildə ABŞ-də keçirilən klublararası dünya çempionatında İngiltərənin Chelsea FC klubuna kubok təqdim edərkən də komanda ilə podiumda qalmışdı.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edir.