BAKI, 16 iyun. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi Ukraynanın müxtəlif bölgələrində bioloji laboratoriyaların layihələndirilməsi, tikintisi və avadanlıqla təchiz olunması üçün 11 milyon dollardan çox vəsait ayırıb.

Teleqraf xəbər verir ki, TASS-ın yaydığı məlumata görə, bu barədə ABŞ Milli Kəşfiyyatının məxfilikdən çıxarılmış sənədlərində qeyd olunub.

Sənədlərə əsasən, layihələrin əsas podratçısı ABŞ-nin "Black & Veatch" şirkəti olub.

Məlumata görə, Ukrayna Elmi-Tədqiqat Taun Əleyhinə İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Referens Laboratoriyasının yaradılmasına təxminən 3,49 milyon dollar xərclənib. Bu məbləğin 2 milyon dollardan çox hissəsi laboratoriya avadanlıqlarının alınmasına yönəldilib.

Bundan əlavə, Zakarpatya vilayətində diaqnostik avadanlıqların təmin edilməsinə 1,92 milyon dollardan çox, Xerson Diaqnostika Laboratoriyasına isə təxminən 1,72 milyon dollar sərmayə yatırıldığı bildirilir.

Sənədlərdə qeyd olunur ki, ABŞ tərəfi Xerson Vilayət Laboratoriya Mərkəzinə də 2,1 milyon dollardan artıq vəsait ayırıb.

Maliyyələşdirmənin texniki yardım proqramları çərçivəsində həyata keçirildiyi, donor qismində ABŞ Müdafiə Nazirliyinin, benefisiar qismində isə Ukrayna Səhiyyə Nazirliyinin çıxış etdiyi vurğulanır.