BAKI, 16 iyun. TELEQRAF
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda fəaliyyət göstərən israilli hərbçilərə doğru atılan çoxsaylı raketlərin havada məhv edildiyini bildirib.
Teleqraf xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, raketlər Livanın şiə hərəkatı olan "Hizbullah" tərəfindən buraxılıb və İsrail Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib.
Qeyd olunub ki, mövcud protokola uyğun olaraq hava həyəcanı siqnalları işə salınmayıb.
Məlumata əsasən, "Hizbullah" üzvləri bir neçə ayrı insident zamanı İsrail hərbçilərinə qarşı tank əleyhinə raket və bir neçə minaatan mərmisi də atıblar. Hadisələr nəticəsində xəsarət alanların olmadığı bildirilib.
Bundan əlavə, gün ərzində dörd ayrı hadisədə İsrail hərbçiləri onların mövqelərinə nəqliyyat vasitələri ilə yaxınlaşan silahlı qrupları aşkarlayıblar. Ordu həmin şəxslərin hərbçilər üçün birbaşa təhlükə yaratdığını iddia edib.
SAXAL-ın açıqlamasına görə, təhlükənin müəyyən edilməsindən dərhal sonra İsrail Hərbi Hava Qüvvələri tərəfindən dəqiq zərbələr endirilib.