BAKI, 16 iyun. TELEQRAF

İsrailin Livan ərazisinə endirdiyi hava zərbələri nəticəsində son sutka ərzində azı 15 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlər arasında iki qadın da var. Hücumlar nəticəsində daha 82 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.

Nazirliyin "X" sosial şəbəkəsində paylaşdığı hesabatda bildirilib ki, martın 2-də başlayan hərbi eskalasiyadan bəri həlak olan mülki şəxslərin ümumi sayı 3 798 nəfərə, yaralananların sayı isə 11 781 nəfərə yüksəlib.

Qurumun məlumatına əsasən, ABŞ və İran arasında regiondakı bütün cəbhələrdə hərbi gərginliyin dayandırılması ilə bağlı əldə olunan razılaşmadan sonra bazar ertəsi İsrail hücumlarının intensivliyi nəzərəçarpacaq dərəcədə azalıb.

Bu vəziyyətdən istifadə edən minlərlə məcburi köçkün Beyrutdan ölkənin cənubundakı əvvəlki yaşayış məntəqələrinə qayıtmağa başlayıb.

Livan ordusunun komandanlığı isə vətəndaşlara müraciət edərək dağıntıların təmizlənməsi və yolların minalardan təmizlənməsi işləri başa çatana qədər cənub bölgələrinə qayıtmamağı tövsiyə edib.