BAKI, 16 iyun. TELEQRAF

Böyük Britaniya Ukraynanın atom elektrik stansiyalarının fəaliyyətinin təmin olunması məqsədilə 210 milyon funt sterlinq (təxminən 280 milyon dollar) dəyərində zənginləşdirilmiş uran tədarük etməyə razılaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmerin ofisi məlumat yayıb.

Məlumata görə, Britaniyanın dövlət ixrac-kredit agentliyi olan UK Export Finance tərəfindən ayrılan maliyyə dəstəyi hesabına Britaniyanın Urenco şirkəti Ukraynanın atom elektrik stansiyalarının operatoru olan Enerqoatoma zənginləşdirilmiş uran tədarük edəcək.

Açıqlamada qeyd olunur ki, bu dəstək Ukraynanın atom elektrik stansiyalarının növbəti iki il ərzində fasiləsiz fəaliyyət göstərməsinə imkan verəcək.

Britaniya hökuməti bildirib ki, sözügedən razılaşma iyunun əvvəlində Londonda keçirilən görüş zamanı Baş nazir Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski arasında əldə olunub.

Qeyd edilib ki, bu əməkdaşlıq yeni layihə deyil, iki il əvvəl imzalanmış müqavilənin davamıdır. Belə ki, 2023-cü ildə Urenco ilə Enerqoatom arasında 2035-ci ilədək zənginləşdirilmiş uranın Ukraynaya tədarükünü nəzərdə tutan saziş imzalanıb.