BAKI, 16 iyun. TELEQRAF
ABŞ administrasiyası Omanın İranla aparılan danışıqlardakı vasitəçilik fəaliyyətindən ciddi narazı qaldığını və bu səbəbdən Məsqətin xidmətlərindən imtina etdiyini bəyan edib.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi Vaşinqton və Tehran arasında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş qarşılıqlı anlaşma memorandumunun elektron şəkildə imzalanmasını şərh edərkən bildirib.
Amerikalı rəsminin sözlərinə görə, Vaşinqton Oman tərəfinin vasitəçilik prosesindəki fəaliyyətini qənaətbəxş hesab etməyib.
“Biz omanlıların işindən çox narazı idik. Hesab edirdik ki, onlar proses zamanı olduqca ikili mövqe sərgiləyir, demək olar ki, iranlıların maraqları naminə hərəkət edirlər. Buna görə də onları bu prosesdən kənarlaşdırdıq”, - deyə ABŞ nümayəndəsi jurnalistlər üçün keçirilən telefon brifinqində bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasına yönəlmiş razılaşmanın əldə olunduğunu təsdiqləyiblər.
Məlumata görə, sənədin imzalanma mərasiminin iyunun 19-da İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılır.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, 60 günlük atəşkəs dövründə tərəflər İranın nüvə proqramı da daxil olmaqla bir sıra məsələləri müzakirə edəcəklər. Razılaşma çərçivəsində ABŞ tərəfindən İrana qarşı dəniz blokadasının dayandırılması və bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur.