BAKI, 15 iyun. TELEQRAF
Albaniyanın Baş naziri Edi Rama bazar günü "flaminqo inqilabçıları"nı təhqir edib.
Teleqraf xəbər verir ki, E.Rama ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerin kurort layihəsinə etiraz edənləri "axmaq" adlandırıb.
Həftəlik podkastında Rama bildirib ki, etirazçılara dəstək verməyən məşhur müğənnilərin konsertlərinin boykot edilməsi çağırışları qəbuledilməzdir.
Albaniyada etirazlar 14 gündür davam edir. Ötən həftə minlərlə etirazçı Tirananın küçələrinə çıxaraq Baş nazirin istefasını tələb edib.
Aksiyalarda yüz minlərlə insan iştirak edib. Etirazlar dinc keçib.
Son iki həftə ərzində Cared Kuşnerlə əlaqəli elit kurort layihəsinin ləğvi tələbləri ilə başlayan etiraz hərəkatı 1991-ci ildə kommunist rejiminin süqutundan bəri Albaniyada hökumət əleyhinə ən böyük kampaniyalardan birinə çevrilib.
Rama həmçinin etirazçılar arasında populyar olan "Albaniya albanlara məxsusdur" şüarını tənqid edib. Onun sözlərinə görə, bu cür ritorika ölkədəki hər kəsin arzuolunmaz olduğuna işarə kimi qəbul edilə bilər.
Baş nazir bildirib ki, bu, Almaniyanı illərdir Avropadan təcrid etmiş "Almaniya almanlar üçün" şüarını xatırladır.
"Flaminqo inqilabı" 2026-cı ilin may ayının sonlarında Albaniyada başlayan genişmiqyaslı ekoloji və siyasi etiraz hərəkatıdır. ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin rəhbərlik etdiyi "Affinity Partners" investisiya şirkətinin Albaniyanın cənubundakı ərazilərdə, xüsusən də qorunan təbiət zonalarında nəhəng turizm layihələri həyata keçirmək planları albanların etirazına səbəb olub. Tikinti aparılması planlaşdırılan ərazi, minlərlə çəhrayı flaminqo da daxil olmaqla, 250-dən çox köçəri və nadir quş növünün əsas yaşayış və qışlama məskənidir. Yerli sakinlər, ekoloqlar və müxalifət qrupları bu layihələrin unikal ekosistemi məhv edəcəyini bildiriblər.