BAKI, 14 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İsrailin Livana endirdiyi son hava zərbələrini tənqid edərək tərəfləri hücumlardan çəkinməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Tramp bildirib ki, Livanın heç bir bölgəsinə qarşı yeni İsrail hücumları olmamalıdır. O, eyni zamanda qarşı tərəfi də hərbi əməliyyatlardan çəkinməyə çağırıb.

“Livanın heç bir yerində İsrailin yeni hücumları olmamalıdır. Eyni zamanda digər tərəfdən də hücumlar olmamalıdır. Biz regiona sülh gətirəcək razılaşmaya çox yaxınıq”, - deyə ABŞ Prezidenti yazıb.

Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Livanın paytaxtı Beyrutun ətrafında yerləşən “Hizbullah” hərəkatına məxsus hədəflərə zərbələr endirdiyi barədə məlumat yayılmışdı.