BAKI, 14 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın G7 sammitində Böyük Britaniyanın Baş naziri Kir Starmeri və Avropa liderlərini qeyri-qanuni miqrasiya ilə bağlı siyasətlərinə görə tənqid etməyə hazırlaşdığı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə “The Sunday Telegraph” qəzeti Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp G7 sammitində çıxışı zamanı qeyri-qanuni miqrasiyanın yaratdığı təhlükələrə diqqət çəkəcək və bu mövzuda Avropa ölkələrinin siyasətini sərt tənqid edəcək.

Nəşr yazır ki, ABŞ Prezidenti bu məsələdə Şimali İrlandiyanın paytaxtı Belfastda baş vermiş son hadisəni nümunə kimi göstərməyi planlaşdırır. Bildirilir ki, iyunun 8-də Sudandan olan Hadi Alodid adlı şəxs Fransa və İrlandiya üzərindən Olsterə gəldikdən sonra yerli sakinə bıçaqla hücum edib. Ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində qətlin qarşısı alınıb. Hücum zamanı zərərçəkən bir gözünü itirib və komaya düşüb. Şübhəli saxlanılıb və ona qarşı qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb.

Ağ Ev rəsmilərindən biri bildirib ki, Avropa qeyri-qanuni miqrasiyanın ABŞ-yə yönəlməsi üçün tranzit marşrutuna çevrilə bilər.

Mənbənin sözlərinə görə, miqrasiya axınları nəticəsində müttəfiq ölkələrin demoqrafik quruluşunun və dəyərlərinin dəyişməsi bütövlükdə alyansa təsir göstərir.

Nəşr həmçinin qeyd edir ki, Tramp administrasiyasındakı bəzi rəsmilər bu proseslərin ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanı birləşdirən “Beş Göz” kəşfiyyat alyansının gələcəyi üçün də risklər yaratdığını düşünürlər.

Qeyd edək ki, G7 sammiti iyunun 15-17-də Fransanın Evian şəhərində keçiriləcək.