BAKI, 14 iyun. TELEQRAF
ABŞ-nin Missuri ştatında paraşütçüləri daşıyan kiçik təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 12 nəfərin hamısı həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə "Fox News" telekanalının yerli bölməsi məlumat yayıb.
Məlumata görə, qəza iyunun 14-də səhər saatlarında Missuri ştatının Batler şəhəri yaxınlığında baş verib. Yerli hava limanından havaya qalxan təyyarədə 11 paraşütçü və bir pilot olub.
Bildirilir ki, havaya qalxdıqdan qısa müddət sonra hava gəmisi qəfil marşrutunu dəyişib və magistral yolun yaxınlığında yerə çırpılıb.
Qəza nəticəsində təyyarədə olan bütün şəxslər həyatını itirib.
Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Qəza ilə bağlı araşdırma aparılır.