BAKI, 14 iyun. TELEQRAF
Livan Səhiyyə Nazirliyi İsrailin hava zərbələri nəticəsində son sutka ərzində azı 27 nəfərin həlak olduğunu, ümumi ölənlərin sayının isə 3 783 nəfərə yüksəldiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, son 24 saat ərzində İsrail aviasiyasının Livanın müxtəlif şəhər və yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində azı 27 nəfər həyatını itirib.
Bundan başqa, 67 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.
Qurumun məlumatında qeyd olunur ki, martın 2-də başlayan hərbi eskalasiya dövründə həlak olan mülki şəxslərin ümumi sayı 3 783 nəfərə, yaralananların sayı isə 11 min 699 nəfərə çatıb.
Səhiyyə Nazirliyi bildirib ki, günün ikinci yarısında Beyrutun cənub kənarında yerləşən Qubeyri məhəlləsinə endirilən zərbə nəticəsində üç nəfər, o cümlədən iki qadın həlak olub, 16 nəfər yaralanıb.
Bundan əvvəl isə “Hizbullah” hərəkatının şiə silahlı birləşmələrindən bir komandirin öldüyü, daha dörd nəfərin yaralandığı barədə məlumat verilmişdi.