BAKI, 13 iyun. TELEQRAF
İyunun 12-də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 54-cü buraxılış mərasimi keçirilib.
Teleqraf-ın tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, mərasimdə Milli Müdafiə Universitetinin rektoru, Müdafiə Nazirliyinin Baş İdarə rəisləri, hərbi liseyin rəhbərliyi, pedaqoji heyəti, kursantlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Təntənəli mərasimin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin Hərbi Lisey ərazisində ucaldılmış̧ abidələri ziyarət olunub və önlərinə gül dəstələri qoyulub. Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında dövlət himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları salamlayıb:
“Bu gün burada sadəcə bir təhsil mərhələsinin başa çatmasını qeyd etmirik. Biz Azərbaycan Ordusunun gələcəyinə doğru atılan növbəti mühüm addımın şahidi oluruq. Cəmşid Naxçıvanski adına Hərbi Lisey 10 minlərlə vətənpərvər gəncin həyat yolunun başlanğıc nöqtəsinə çevrilib. Qürurla deyə bilərik ki, bu lisey yalnız xüsusi təyinatlı ali və orta ixtisas hərbi təhsil müəssisələri üçün namizədlər hazırlayan bir təhsil ocağı deyil. Bu, milli ruhun, hərbi iradənin və dövlətə sədaqətin məktəbidir. Bu məktəbin adı Azərbaycanın Silahlı Qüvvələrinin qüdrəti və dövlətimizin əzəməti ilə yanaşı çəkilir”.

General-mayor Gündüz Əbdülov vurğulayıb ki,
liseyin 200-dən çox məzunu Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb:
“Məzunlar arasında 10 nəfər “Milli Qəhrəman”, 19 nəfər isə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. Bu göstəricilər liseyin təkcə təhsil müəssisəsi deyil, həm də hərbi peşəkarlığın, liderlik keyfiyyətlərinin və vətənpərvərlik ruhunun formalaşdığı bir məktəb olduğunu bir daha sübut edir.
Əminik ki, qarşıdakı illərdə də bu şərəfli ocaq öz missiyasını uğurla davam etdirəcək, yeni qəhrəmanlar və Vətənə sədaqətli nəsillər yetişdirəcək.
Xalqımıza bu qüruru bəxş edən müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, ailələrinə daim minnətdar olduğumuzu bildiririk. Vətən müdafiəsi uğrunda sağlamlığını itirmiş qəhrəman övladlarımıza Tanrıdan şəfa diləyirik.
Hərbi Lisey Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əsaslı şəkildə yenidən qurulub, müasir və qabaqcıl infrastrukturla təmin olunaraq yüksək standartlara cavab verən təhsil müəssisəsinə çevrilib”.

Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev qeyd edib ki, məzunlar bu gün liseylə vidalaşsalar da, Cəmşid Naxçıvanski ruhu hər zaman onlarla olacaq:
“Əminəm ki, siz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasətinə layiqli töhfələr verəcək, Vətənə və xalqa sədaqətlə xidmət edəcəksiniz.
Müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi qələbələr, qəhrəman şəhidlərimizin əziz xatirəsi və qazilərimizin göstərdiyi şücaət hər biriniz üçün örnək olmalıdır. Siz də gələcək fəaliyyətinizdə bu müqəddəs ənənələri yaşatmalı, dövlətimizin və liseyimizin şərəfli adını daim uca tutmalısınız.
Bu gün valideynlərə də müraciət etmək istəyirəm. Övladlarınızı bizə etibar etdiniz. Onların böyüməsində, formalaşmasında və bu günə gəlib çatmasında ən böyük pay sizə məxsusdur. Bu gün onların uğurlarına baxıb qürur duymaq sizin ən təbii haqqınızdır.
Bu gün siz liseylə vidalaşırsınız, lakin Cəmşid Naxçıvanski ruhu hər zaman sizinlə olacaq. Azərbaycan bayrağına sədaqətiniz heç vaxt sarsılmasın, qəlbinizdəki Vətən sevgisi isə ömrünüz boyu sizə doğru yol göstərsin”.

Sonra hərbi liseyi fərqlənmə ilə bitirən məzunlara, fəaliyyətində fərqlənən zabit və müəllimlərə fəxri fərman və hədiyyələr təqdim edilib.
Hərbi liseyin rəmzi kötüyünə 2026-ci ilin xatirə lövhəsi vurulduqdan sonra döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Sonda kursantlar hərbi orkestrin müşayiəti ilə marşları ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.
.jpg)
Təəssüratlarını Teleqraf-a bölüşən kursant Nihat Qasımov bütün yoldaşlarını təbrik edib:
“Qürurvericidir ki, 2 illik təhsilimizi başa çatdırıb məzun oluruq. Biz bu gün daha bir pilləni geridə qoyaraq yeni, daha çətin və məsuliyyətli yola addım atırıq. Ali hərbi məktəbin kursantı olmaq üçün bu inamlı yolda addımlayacağıq. Biz qalib Azərbaycan Ordusunun sıralarında zabit olmağı arzulayırıq”.
Qeyd edək ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Bura 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarını verməklə qəbul olunurlar.
Liseydə təhsil müddəti 2 ildir. Təhsil müddətində kursantlara əsasən 13 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı, hərbi və fiziki hazırlıq üzrə məşğələlərdə də qabiliyyətlərini inkişaf etdirirlər.