BAKI, 6 iyun. TELEQRAF
CNN-in əldə etdiyi məhkəmə sənədlərinə görə, Texas ştatından olan respublikaçı konqresmen Pit Seşnsin aparat rəhbəri Luis Angel Veqa Kapitoli kompleksinə qanunsuz olaraq odlu silah gətirməkdə ittiham olunub.
Teleqraf xəbər verir ki, məhkəmə qeydlərinə görə, hadisə dekabrda baş verib, lakin rəsmi ittihamlar bir neçə ay sonra irəli sürülüb. Veqa çərşənbə günü Kolumbiya dairəsində məhkəmədə çıxış edib və iş üzrə ilk dinləmə cümə günü baş tutub.
O, Kapitoli ərazisinə odlu silah gəzdirməkdə ittiham olunub.
İş materiallarına görə, təhlükəsizlik işçiləri Nümayəndələr Palatasının ofis binalarından birinin girişindəki yoxlama məntəqəsində Veqanın çantasından silah və sursat tapıblar.
Kapitol polisi Veqanın silah gəzdirmək üçün lisenziyasının olmadığını bəyan edib. Məhkəmə onu girovsuz azadlığa buraxıb. Növbəti məhkəmə iclası iyunun 10-na təyin edilib.