BAKI, 6 iyun. TELEQRAF
İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində sərhədçilər ilə silahlı toqquşmada altı şübhəli yaraqlı öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin sərhəd mühafizəsi komandanı general Əli Əkbər Cavidan bildirib.
Onun sözlərinə görə, cümə günü gecə terrorçu qrup İran ərazisinə soxulmağa və sərhədçi mövqelərinə hücum etməyə cəhd edib.
Sərhəd pozucuları aşkar edildikdən sonra tərəflər arasında atışma başlayıb və bu, gərgin silahlı döyüşə çevrilib.
Komandanlığın məlumatına görə, toqquşmada silahlı qrupun altı üzvü öldürülüb.
Əməliyyatdan sonra İran sərhədçiləri ərazidə axtarış apararaq iki tapança, eləcə də xeyli miqdarda sursat ələ keçiriblər.
Pakistan və Əfqanıstanla həmsərhəd olan Sistan və Bəlucistan əyaləti İranın ən qeyri-sabit bölgələrindən biri hesab olunur və burada təhlükəsizlik qüvvələri ilə silahlı qruplar arasında müntəzəm olaraq qarşıdurmalar baş verir.