BAKI, 6 iyun. TELEQRAF
Türkiyə parlamentində təmsil olunan siyasi partiyalar terrorun tamamilə bitirilməsi və PKK-nın silahı yerə qoyması üçün atılacaq hüquqi addımlar barədə ortaq razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib.
"Məsələ ilə bağlı 7 ay ərzində 21 iclas keçirilib, xüsusi hesabat hazırlanıb. Hazırda əsas şərt PKK-nın silahları həqiqətən buraxdığının təhlükəsizlik qurumları tərəfindən rəsmən yoxlanılıb təsdiqlənməsidir. Əgər ordu və polis terror riskinin başa çatdığını təsdiqləsə, proses sürətlənəcək" - TBMM sədri bəyan edib.
N.Kurtulmuşun sözlərinə görə, Suriya və İrandakı son vəziyyətdən sonra terrorçuların bölgədə mövqe qazanmaq ümidləri tamamilə boşa çıxıb.