BAKI, 6 iyun. TELEQRAF
İran Xarici İşlər Nazirliyi ABŞ-nin Sirik şəhərində və Qeşm adasında radar stansiyalarına və sahil müşahidə qurğularına bu gün səhər endirdiyi zərbələri pisləyərək, hücumun 8 apreldə qüvvəyə minən atəşkəsi kobud şəkildə pozduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Tehran Times" qəzeti məlumat yayıb.
Tehran hədəf alınan obyektlərin dövlət sərhədlərini qorumaq və beynəlxalq gəmiçilik təhlükəsizliyini təmin etmək üçün istifadə edildiyini vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "ABŞ gərginliyi azaltmaq niyyətində deyil. Vaşinqton öz hərəkətlərinin bütün nəticələrinə görə tam məsuliyyət daşıyır".
İran hakimiyyəti həmçinin ölkənin silahlı qüvvələrinin özünümüdafiə hüququ çərçivəsində cavab tədbirləri gördüyünü və hücum edən tərəfin məqsədlərinə mane ola bildiyini açıqlayıb.
İranın Xarici İşlər Nazirliyi regional dövlətləri ərazilərinin İslam Respublikasına qarşı hərbi əməliyyatlar üçün istifadəsinə icazə verməməyə çağırıb və baş verənlərlə bağlı Birləşmiş Millətlər Təşkilatına müraciət edib.
Tehran vurğulayıb ki, İran öz suverenliyini bütün gücü ilə müdafiə edəcək.