BAKI, 6 iyun. TELEQRAF
Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş verən insident iştirakçılarından yeddi nəfər saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
***
20:30
İyunun 5-də Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.
Hadisə iştirakçılarından 7 nəfər saxlanılıb. Fakta görə Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.