BAKI, 6 iyun. TELEQRAF

İsrail əsgərləri Qərbi Şeriyada (İordan çayının qərb sahili) 7 aylıq fələstinli körpəni güllələyiblər.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail əsgərləri cümə günü işğal altındakı Qərbi Şeriyada 7 aylıq fələstinli oğlan uşağını güllələyərək öldürüb, valideynlərini isə yaralayıblar.

Məlumata görə, uşaq valideynləri ilə birlikdə maşında olarkən İsrail əsgəri Hebron şəhəri yaxınlığındakı ərazidə maşına atəş açıb. Atışma nəticəsində uşaq ölüb, hər iki valideyn yaralanıb.

İsrail Müdafiə Qüvvələri bəyan edib ki, əsgərlər nəqliyyat vasitəsini təhlükə kimi qəbul ediblər, çünki onların qiymətləndirməsinə görə, nəqliyyat vasitəsi onlara doğru kəskin şəkildə sürətlənib.

Hərbçilər bir atəş açıldığını bildirib və qurbanların hərbi əməliyyatlarda iştirak etməyən mülki şəxslər olduğunu etiraf ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.