BAKI, 26 iyul. TELEQRAF
ABŞ administrasiyası İranla bağlı diplomatik prosesə mane olmamaq məqsədilə bu ölkəyə zərbələrin endirilməsini müvəqqəti dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Oman və İran arasında Hörmüz boğazının açılması ilə bağlı aparılan danışıqlarda irəliləyiş əldə olunub. Bununla belə, yekun razılaşmanın əldə olunması üçün daha çox vaxt tələb oluna bilər.
Mənbələrin bildirdiyinə görə, ABŞ həssas diplomatik prosesə mane olmamaq üçün bombardmanları qəsdən dayandırıb.
Bundan əvvəl "Axios" portalı yazıb ki, ABŞ Silahlı Qüvvələri İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi planlarını hazırlamaqda davam edir. Lakin Prezident Donald Trampın göstərişi ilə ötən cümə günü İrana növbəti zərbələr endirilməyib. Bildirilir ki, Tramp bu qərarı Oman nümayəndə heyətinin Tehranla Hörmüz boğazının açılması məsələsini müzakirə etmək üçün İrana səfər etməsindən bir neçə saat sonra verib.
Axios iyulun 21-də Qətər, Misir, Pakistan və digər regional vasitəçilərin ABŞ və İrana 10 günlük atəşkəs təklifini çatdırdıqlarını, Vaşinqtonun isə bu təşəbbüsü nəzərdən keçirdiyini yazmışdı. ABŞ Prezidenti Donald Tramp isə iyulun 24-də Ağ Ev müxbirləri assosiasiyasının tədbirində İran nümayəndələrinin münaqişənin nizamlanması ilə bağlı təkliflərini dinləməyə hazır olduğunu bildirmişdi.