BAKI, 26 iyul. TELEQRAF

Finlandiya Prezidenti Aleksander Stubb Ukraynanın mövqeyinin müharibənin başlanmasından bəri ən güclü səviyyədə olduğunu və Kiyevin sülhə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra "X" sosial şəbəkəsində paylaşım edib.

Stubb bildirib ki, tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsini və gələcək addımları müzakirə ediblər.

"Ukraynanın mövqeyi müharibənin əvvəlindən bəri ən güclü səviyyədədir. Bu dinamikanın qorunması üçün tərəfdaşların davamlı dəstəyi həlledici əhəmiyyət daşıyır. Eyni zamanda, Ukrayna sülhə hazırdır", - Finlandiya Prezidenti qeyd edib.

Zelenski isə Finlandiyanın davamlı dəstəyinə və Helsinki ilə sıx koordinasiyaya görə təşəkkür edib.

"Danışıqlarımız hər zaman faydalı olur. Mühüm diplomatik həftə ərəfəsində xalqımızın maraqları naminə atıla biləcək addımları və onların həyata keçirilməsi yollarını müzakirə etdik", - Ukrayna Prezidenti vurğulayıb.