BAKI, 8 may. TELEQRAF
Hantavirusun əhali üçün təhlükə səviyyəsi olduqca aşağı olaraq qalır.
Teleqraf xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Kristian Lindmeyer jurnalistlərə açıqlamasında deyib.
ÜST-dən bildirilib ki, virusa yoluxaraq həyatını itirən qadınla birbaşa təmasda olmuş stüardessanın test nəticəsi mənfi çıxıb.
Kristian Lindmeyer qeyd edib ki, insanlar arasında yayıla bildiyi məlum olan yeganə hantavirus növü olan “Andes virusu”nun ötürülməsi üçün çox yaxın və uzunmüddətli təmas tələb olunur.
“Bu, hər kəsi inandırmalıdır ki, bu virus təhlükəlidir, lakin əsasən yoluxmuş şəxslər üçün risk yaradır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, ÜST rəsmisinin açıqlaması “MV Hondius” kruiz gəmisi ilə əlaqələndirilən hantavirusun yayılması fonunda verilib. Gəmidə bir neçə yoluxma və üç ölüm halının qeydə alındığı bildirilir.