ŞƏMKİR, 8 may. TELEQRAF
Şəmkir rayonunun Yeni Abad kəndindəki nasos stansiyası xəttində baş verən qəza aradan qaldırılıb.
Bu barədə Teleqraf-ın Qərb bürosuna kənd icra nümayəndəsi Nəsib Həsənov məlumat verib.
Onun sözlərinə görə, hazırda görüləsi xırda işlər qalıb: "Ərazidə çuxura yığılan su kanala boşaldılıb. Su stansiyasının ərazisindən də su çəkilib. Zirzəmiyə dolan sular demək olar ki, tam təmizlənib".
Məlumat üçün bildirək ki, hadisə hidrotəzyiq zamanı baş verib.
***
15:56
Şəmkir Maşın Kanalının II pillə nasos stansiyasında qəzanın baş verməsinə 110 kV-luq hava xəttinin açılması nəticəsində əks klapanın qəfil bağlanması və bunun nəticəsində boru xəttində yüksək təzyiqin yaranması səbəb olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Regional Su Meliorasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, baş vermiş hidrotəzyiq nəticəsində diametri 3050 mm olan boru xəttinin qaynaq hissəsində qopma qeydə alınıb, boru daxilində olan su ətrafa yayılıb.
"Hadisə nəticəsində ətraf ərazilərdə yerləşən təsərrüfatlara və yaşayış evlərinə hər hansı zərər dəyməyib. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması, həmçinin nasos stansiyasının fəaliyyətinin bərpası istiqamətində zəruri tədbirlər görülür," - deyə qurumdan bildirilib.