BAKI, 8 may. TELEQRAF

İran Silahlı Qüvvələri Hörmüz boğazının şərqində yerləşən ABŞ hərbi gəmilərinə zərbə endirdiyini bəyan edib.

Teleqraf “Tesnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü açıqlama yayıb.

Bildirilib ki, ABŞ ordusu atəşkəsi pozaraq İranın ərazi sularında Cask bölgəsindən Hörmüz boğazına doğru hərəkət edən İran neft tankerini və boğaza daxil olan digər gəmini BƏƏ-nin Füceyrə limanı yaxınlığında hədəfə alıb.

Açıqlamada qeyd olunub ki, eyni zamanda Hamir, Sirik sahilləri və Keşm adasındakı mülki ərazilərə də hava zərbələri endirilib.

İran tərəfi cavab olaraq Hörmüz boğazının şərqində və Çabahar limanının cənubunda yerləşən ABŞ hərbi gəmilərinə hücum edildiyini və onlara ciddi ziyan vurulduğunu iddia edib.

“Cinayətkar və təcavüzkar ABŞ və onu dəstəkləyən ölkələr bilməlidir ki, İran İslam Respublikası hər hansı hücum və təcavüzə qətiyyətli və sarsıdıcı cavab verəcək”, - bəyanatda vurğulanıb.