BAKI, 8 may. TELEQRAF

İsrail rəsmiləri və ekspertləri İranla mümkün razılaşmanın hansı şərtlərlə qəbul edilə biləcəyini açıqlayıblar.

Teleqraf xəbər verir ki, “Fox News”un məlumatına görə, İsrail İranın uranı zənginləşdirməsinin tam dayandırılmasını, ballistik raket proqramının məhdudlaşdırılmasını və regiondakı silahlı qruplara dəstəyin kəsilməsini tələb edir.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə tam koordinasiya şəraitində hərəkət etdiklərini bildirib.

“Ən vacib məqsəd zənginləşdirilmiş materialın tamamilə İrandan çıxarılması və İranın zənginləşdirmə imkanlarının ləğv edilməsidir”, - Netanyahu deyib.

ABŞ Prezidenti Donald Tramp isə İranla razılaşmanın mümkün olduğunu desə də, danışıqlar uğursuz olarsa, “daha böyük addımların atılacağını” bildirib.

İsrailli ekspertlər hesab edir ki, Tehran zəif saziş əldə edərsə, iqtisadi nəfəs alma imkanı qazanacaq və bölgədəki qüvvələrini yenidən gücləndirə biləcək.

Keçmiş milli təhlükəsizlik müşaviri Yaakov Amidror İranın yüksək zənginləşdirilmiş uranının ölkədən çıxarılmasının vacib olduğunu vurğulayıb:

“İranın uranı zənginləşdirməsinə icazə verilməməlidir”, – o qeyd edib.

Ekspertlər həmçinin İranın ballistik raket proqramının İsrail üçün nüvə proqramı qədər təhlükə yaratdığını bildiriblər.

Məlumata görə, İsrail tərəfi İranın “Hizbullah” və HƏMAS kimi qruplara maliyyə və hərbi dəstəyinin də dayandırılmasını istəyir.