BAKI, 8 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi, Nazirliyin məsul vəzifəli əməkdaşları, FHN Akademiyasının professor-müəllim heyəti və kursantlar iştirak ediblər.
Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev çıxışında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya siyasi tarixində özünəməxsus yeri olan Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında müstəsna xidmətlərindən, Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsində həlledici rolundan ətraflı bəhs edib.
Nazir müavini qeyd edib ki, XX əsrin sonlarında Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu bir dövrdə – ölkədə dərin siyasi böhran, xaos və anarxiyanın hökm sürdüyü şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını uğurla yerinə yetirərək ölkəmizi vətəndaş müharibəsi, parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən qorudu və beləliklə, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı.
A.Abdullayev Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin yola salınan illər ərzində yeni-yeni zirvələr fəth etdiyini, Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini iftixar hissilə xatırladıb. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar dövlətimizin daha da güclənməsinə, xalqımızın daha firavan yaşamasına xidmət edir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ən yaxın silahdaşı kimi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri sayəsində müasir Azərbaycan dövlətinin tarixinin ən qüdrətli dövrünü yaşadığını məmnunluq hissilə bildirən A.Abdulayevin sözlərinə görə, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda gələcəyə böyük inam yaradır.
Çıxışında müstəqil Azərbaycanın təhlükəsizlik sisteminin əsas istiqamətlərindən biri olan mülki müdafiə və fövqəladə hallarla mübarizə sahəsində Ümummilli Liderin atdığı ardıcıl və məqsədyönlü addımlardan danışan nazir müavini, Ulu Öndərin müəyyən etdiyi strateji kursu uğurla davam və inkişaf etdirən cənab Prezident İlham
Əliyevin uzaqgörən siyasəti sayəsində yaradılmış Fövqəladə Hallar Nazirliyi dövlət başçısının diqqət və qayğısı ilə bu gün istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparmaq imkanına malik peşəkar dövlət orqanı kimi formalaşıb.
Tədbirdə FHN-in Akademiyasının rəisi general-mayor Baba Salayev, Akademiyanın Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Akademiyanın fəxri professoru Fizuli İbrahimzadə, 3-cü kurs kursantı Ruslan Cəbiyev çıxışlarında Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı sahəsində Dahi Liderin titanik fəaliyyətindən bəhs ediblər. Vurğulanıb ki, məhz mütərəqqi Heydər Əliyev siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində bu gün müstəqil Azərbaycan dünya dövlətləri arasında layiqli yer tutur.
Ulu Öndər Heydər Əliyevin mənalı həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişindən sonra mərasim bədii hissə ilə davam etdirilib.