BAKI, 8 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trump İranla mümkün razılaşmanın Tehranın nüvə silahından imtinasını və ABŞ-a “nüvə tozu”nun verilməsini nəzərdə tutduğunu bildirib.

Teleqraf xəbər verir ki, Trampın açıqlamasını Ağ Evin mətbuat hovuzu yayıb.

“Bu, bir səhifəlik təklifdən daha artıqdır. Mahiyyət etibarilə, bu təklif onların nüvə silahına sahib olmayacağını nəzərdə tutur. Onlar bizə “nüvə tozu”nu və istədiyimiz bir çox başqa şeyləri verəcəklər”, - ABŞ prezidenti deyib.

Məlumata görə, Tramp “nüvə tozu” ifadəsi ilə İranın İsfahan, Natanz və Fordo nüvə obyektlərində saxlanılan yüksək zənginləşdirilmiş uranı nəzərdə tutur.