BAKI, 8 may. TELEQRAF
Meksikanın Tabasko ştatının Vilyaermosa şəhərində keçirilən illik yarmarkada baş verən yanğın nəticəsində azı beş nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Tabasko ştatının qubernatoru Xavyer Mey məlumat verib.
Onun sözlərinə görə, yanğın səhər saatlarında Tabasko parkının birinci pavilyonunda başlayıb və artıq fövqəladə xidmət əməkdaşları tərəfindən nəzarətə götürülüb.
“Bu faciəli hadisə zamanı beş nəfər həyatını itirib. Həlak olanların ailələrinə başsağlığı verir və onlara dəstəyimizi ifadə edirik”, - qubernator “X” hesabında yazıb.
“El Financiero” nəşrinin məlumatına görə, alov qısa müddətdə geniş əraziyə yayılıb və yarmarka ərazisində yerləşən təxminən 200 ticarət nöqtəsini tamamilə məhv edib.
Hadisə zamanı ərazidə olan şəxslər təxliyə olunub. Yanğının başvermə səbəbləri araşdırılır.