BAKI, 7 may. TELEQRAF
ABŞ Dövlət Departamenti diplomatlara məxfi məlumatlardan maliyyə qazancı əldə etmək məqsədilə istifadə etməyin yolverilməz olduğunu xatırladıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, qurum əməkdaşlarına göndərilən daxili xidməti qeyddə diplomatların gizli hökumət məlumatlarından onlayn mərc platformalarında istifadə etməsinin ciddi pozuntu olduğu vurğulanıb.
Sənəddə qeyd olunub ki, son dövrlərdə mediada ABŞ rəsmilərinin “Kalshi” və “Polymarket” kimi platformalarda ictimai-siyasi hadisələrlə bağlı mərc etməsi barədə xəbərlər narahatlıq yaradıb.
Qəzet yazır ki, xəbərdarlıq ABŞ hərbçisi Qennon Ken Van Daykın Venesuelaya mümkün müdaxilə və Prezident Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı mərclərdə iştirak etməsi işindən sonra yayılıb. Hərbçi məhkəmədə ittihamları qəbul etməyib.
Mənbələrin sözlərinə görə, ictimai əhəmiyyətli hadisələrin nəticələri ilə bağlı mərc edilən onlayn proqnoz platformalarının sürətlə populyarlaşması ABŞ üçün milli təhlükəsizlik baxımından problem yarada bilər.
Qeyd edək ki, martın sonunda “Axios” portalı ABŞ konqresmenlərinin seçkilər, hökumət qərarları, hərbi əməliyyatlar və idman yarışlarının nəticələri ilə bağlı mərclərin qadağan olunmasını təklif etdiklərini yazmışdı.