BAKI, 5 may. TELEQRAF
ABŞ prezidenti Donald Tramp ölkəsinin Kuba sahillərinə "USS Abraham Lincoln" aviadaşıyıcısını göndərə biləcəyini yenidən bəyan edib.
Teleqraf xəbər verir ki, Tramp bu fikirləri “Salem News Channel” telekanalına müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, ABŞ İrana qarşı əməliyyatları başa çatdırdıqdan sonra aviadaşıyıcı Kubaya doğru yönləndirilə bilər: “Bəlkə də geri qayıdarkən onu sahilə yaxın məsafədə saxlayacağıq və onların necə reaksiya verəcəyini görəcəyik”.
ABŞ lideri iddia edib ki, Kuba hazırda ağır vəziyyətdədir və onu azad etmək şərəf olardı.
Qeyd edək ki, Tramp daha əvvəl də ABŞ-nin Kuba ilə bağlı siyasətini sərtləşdirə biləcəyini və bu istiqamətdə addımların İrana qarşı əməliyyatlardan sonra müəyyənləşdiriləcəyini bildirib.