BAKI, 5 may. TELEQRAF
ABŞ-nin paytaxtı Vaşinqtonda Ağ Ev yaxınlığında baş verən atışma nəticəsində azı iki nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətinin direktor müavini Metyu Kuinn mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, yerli vaxtla saat 15:30 radələrində mülki geyimli Məxfi Xidmət əməkdaşları Milli Mall ərazisində - Ağ Evdən təxminən 5 dəqiqəlik məsafədə bir şəxsin üzərində odlu silah aşkar ediblər. Hüquq-mühafizə orqanları həmin şəxslə əlaqə qurmağa çalışarkən o, qaçmağa cəhd edib və əməkdaşlara doğru atəş açıb. Nəticədə hüquq-mühafizə orqanları cavab atəşi açıb.
Bildirilib ki, silahlı şəxs yaralanaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyəti açıqlanmır. Hadisə zamanı yaxınlıqda olan azyaşlı da xəsarət alıb, lakin həyatına təhlükə yoxdur.
Metyu Kuinn əlavə edib ki, insidentdən qısa müddət əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vensin korteji həmin ərazidən keçib.
00:59
İnsident nəticəsində azı bir nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətinin rəsmi nümayəndəsi Entoni Qulielmi “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanı əməkdaşının iştirakı ilə baş verən atışma hadisəsi Ağ Evə yaxın ərazidə - 15-ci küçə ilə İndependens-avenyunun kəsişməsində qeydə alınıb. Hazırda Məxfi Xidmətin əməkdaşları hadisə yerindədir.
Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən açılan atəş nəticəsində bir nəfər yaralanıb, onun vəziyyəti barədə hələlik məlumat yoxdur.
Atışma baş verən ərəfədə ABŞ prezidenti Donald Tramp çıxışı davam edib.
00:24
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
Teleqraf xəbər verir ki, hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Atəş səsləri eşidildikdən bir müddət sonra həyəcan siqnalı ləğv edilib.
Ağ Evdə işləyən bəzi müxbirlər də həmin anları lentə aldıqları videoları paylaşıblar və Məxfi Xidmət agentləri tərəfindən görülən təhlükəsizlik tədbirləri kameraya düşüb.