BAKI, 30 mart. TELEQRAF
Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiya Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, britaniyalı diplomat nazirlik binasında təxminən 15 dəqiqə qalıb. O, qurumu jurnalistlərə hər hansı açıqlama vermədən tərk edib.
XİN-dən diplomatın çağırılma səbəbi rəsmən açıqlanmasa da, hadisənin casusluq qalmaqalı ilə bağlı olduğu ehtimal edilir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Britaniya səfirliyinin ikinci katibi Uilks Edvard Cerardusun kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu müəyyən etdiyini açıqlamışdı. Diplomatın akreditasiyası ləğv edilib və o, iki həftə ərzində Rusiyanı tərk etməlidir.