BAKI, 13 mart. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) İrandakı Dünya İrsi sayılan obyektlərə dəyən ziyan barədə məlumatlar alıb.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda qeyd olunur.

"28 fevraldan bəri təşkilat bir neçə Dünya İrsi obyektinə - Gülüstan Sarayına, Fars Bağları kompleksindəki Çəhəl Sütun Pavilyonuna, İsfahandakı Cümə Məscidinə və Xorrəmabad Vadisindəki muzey kompleksinə dəyən ziyanla bağlı bir neçə təsdiqləyici məlumat alıb. Livandakı Tir arxeoloji ərazisi də daxil olmaqla, regiondakı dünya irsi obyektlərinə də ziyan dəymiş ola bilər", - təşkilatın rəsmi nümayəndəsi bildirib.

UNESCO münaqişə zonasındakı irs obyektlərinin təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib və təhlükə altında olan obyektlərin coğrafi koordinatlarını bütün tərəflərlə paylaşdığını bəyan edib: "Hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş obyektlərin vəziyyətini qiymətləndirmək üçün hələlik Yaxın Şərqə mütəxəssislər göndərə bilmirik".