BAKI, 1 may. TELEQRAF
“Avropa Beynəlxalq Hospitalı” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) inzibati məsuliyyətə cəlb edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Binəqədi rayon prokuroru Fuad Məmmədovun 2026-cı il 4 mart tarixli qərarı ilə “Avropa Beynəlxalq Hospitalı” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.
“Avropa Beynəlxalq Hospital” MMC tərəfindən Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı yaranarsa əmək müqaviləsinin bağlanmasının məcburi olduğu tələbləri pozulub.
Belə ki, MMC-də Aslanova Aygün Tərlan qızını 2025-ci ilin mart ayında həkim, Sadulova Nigar Novruzbəy qızını 2025-ci ilin mart ayında tibb bacısı kimi işə cəlb edilib. Bununla İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətan törədilib.
Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi Kamran Rəhimov bildirib ki, materiallarda adı çəkilən Aygün Aslanovanın müəssisədə əmək fəaliyyəti ilə bağlı rəsmi sənəd yoxdur: “Həmin şəxs klinikanın əvvəlki rəhbərliyinin dövründə işə başlamaqla bağlı müraciət edib. Lakin sertifikatı olmadığından ona imtina verilib. Həmçinin sənədlərin toplanması, klinikanın tələb etdiyi sənədləri təqdim etməsi bir neçə gün klinikaya gəlib-getməsinə səbəb olub. Prokurorluğun qeyd etdiyi “konum” məsələsi ondan qaynaqlanır. Klinika 22 may 2025-ci il tarixdən artıq yeni təsisçi və rəhbərlə fəaliyyətini davam etdirdiyindən o dövrə düşən müqavilələr artıq əvvəlki təsisçinin üzərində qalmış sayılır”.
Aygün Aslanova izahatında bildirib ki, 2025-ci ilin mart ayının sonlarında “Avropa Beynəlxalq Hospitalı”da əmək müqaviləsiz çalışıb: “Mart ayında Avropa Beynəlxalq Hospital adlı klinikaya iş üçün getmişəm. İşimin düzəlməsi üçün Samir və Rasim adlı həkimlərlə məni qayınatam tanış etmişdi. Mart ayının əvvəllərindən etibarən həmin klinikada işləməyə başladım. Lakin mənimlə əmək müqaviləsi bağlanmadı. Bütün sənədlərimi təqdim etmişəm və təxminən bir aya yaxın orada fəaliyyət göstərmişəm. Həmçinin, xəstələrin qeydiyyatının aparıldığı sistemdə adım mövcud olub. Otağım klinikanın direktorunun otağı ilə yanaşı olub. Mənə bir az işlədikdən sonra iş keyfiyyətimə baxıldıqdan sonra əmək müqaviləsi bağlanılacığı deyildi”.
Aygün Aslanovanın sözlərinə görə, onu işə düzəltdiyinə görə Samir adlı həkimə hər pasiyentdən müəyyən məbləğ ödəyib: “Pasiyent 200 manat ödəniş etdikdə, bunun 100 manatı mənə qalır, həmin məbləğin də bir hissəsini qeyri-rəsmi qaydada Samir həkimə verirdim. Samir həkimin otağı mənim otağıma yaxın yerləşirdi. Dəfələrlə birlikdə konsilium keçirmişik. Rasim həkimdən əvvəl Samir həkimi tanımışam. Mən klinikada onkoloq həkim kimi fəaliyyət göstərmişəm. Mənə ayrılmış otaqda pasiyent qəbul etmişəm, müalicə aparmışam. Təxminən 1 ay müddətində 10-15 nəfər pasiyenti qəbul etmişəm”.
Nigar Sadulova da deyib ki, 2025-ci ilin mart ayında Avropa Beynəlxalq Klinikasında tibb bacısı kimi əmək müqaviləsiz işləyib.
Sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şükürov Samir Dünyamalı oğlu “Avropa Beynəlxalq Hospital” MMC-nin qanuni təmsilçisidir.
Səbail Rayon Məhkəməsinin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 20 min manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilib.
Qərarın icrası Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə həvalə edilib.