BAKI, 1 may. TELEQRAF

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, sənədə əsasən, dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə məsuliyyət tədbirləri yenidən müəyyənləşdirilib.

Dəyişikliyə qədər Məcəllənin 308-1-ci maddəsində "dövlətə məxsus olan hüquqi şəxslər" anlayışı yer almırdısa, yeni qanunla bu subyektlər də məsuliyyət dairəsinə daxil edilib.

Əsas yeniliklərdən biri cərimə sanksiyaları ilə bağlıdır. Belə ki, əvvəllər bu cinayətə görə 9 min manatdan 13 min manatadək cərimə nəzərdə tutulurdusa, yeni qaydaya əsasən, cərimənin məbləği cinayətin predmetinin dəyərinin (yəni təyinatından kənar istifadə olunan vəsaitin) düz 100 faizi miqdarında müəyyən edilib. Bundan əlavə, eyni əməlin ağırlaşdırıcı hallarda törədilməsinə görə cəza növlərinə vəsaitin 100 faizi miqdarında cərimə edilməklə yanaşı, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması sanksiyası da əlavə olunub.

Qanuna edilən digər mühüm əlavəyə görə isə bu maddədə nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs təyinatından kənar istifadə etdiyi vəsaiti dövlətə tamamilə ödəyərsə, cinayət məsuliyyətindən azad olunacaq.