BAKI, 1 may. TELEQRAF
2006-cı ilin iyun ayında istismara veriləndən 2026-cı ilin birinci rübünün sonunadək 1768 km uzunluğunda "Bakı-Tbilisi-Ceyhan" (BTC) boru kəməri vasitəsilə ümumilikdə təqribən 626 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6210 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2026-cı ilin birinci rübünə dair hesabatında qeyd edilib.
Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 6 milyon ton (təxminən 49 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 65 tankerə yüklənərək yola salınıb.
2026-cı ilin birinci rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 30 milyon dollar, əsaslı xərclərə isə 28 milyon dollar vəsait xərclənib.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.