BAKI, 1 may. TELEQRAF

2026-cı ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə "Səngəçal" terminalına göndərilməsi davam edib.

Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2026-cı ilin birinci rübünə dair hesabatında qeyd edilib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Rüb ərzində terminal təxminən 47 milyon barel neft və kondensat ixrac edib ki, bu həcmlərin hamısı "Bakı-Tbilisi-Ceyhan" boru kəməri vasitəsilə nəql edilib.

Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74,4 milyon standart kubmetr (təxminən 2 milyard 628 milyon standart kubfut) Şahdəniz qazı göndərilib.