BAKI, 1 may. TELEQRAF
2026-cı ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.
Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2026-cı ilin birinci rübünə dair hesabatında qeyd edilib.
Bildirilib ki, rüb üçün AÇG-dən ümumi hasilat – "Çıraq" (19 500), "Mərkəzi Azəri" (89 800), "Qərbi Azəri" (74 800), "Şərqi Azəri" (43 900), "Dərinsulu Günəşli" (47 700), "Qərbi Çıraq" (22 600) və "ACE" (26 700) platformalarından birlikdə – gündə orta hesabla 325 000 barel və ya ümumilikdə təxminən 29 milyon barel, yəni 4 milyon ton olub.
Rübün sonunda AÇG-də ümumilikdə 149 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.
2026-cı ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 134 milyon dollar əməliyyat məsrəfləri və 363 milyon dollar əsaslı məsrəflər xərclənib.
AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı birinci rüb ərzində davam edib.
Rüb ərzində həmçinin "Dərinsulu Günəşli" ərazisində bir çox quyularda sualtı müdaxilə proqramı çərçivəsində dəniz əməliyyatları davam edib. Bu əməliyyatların bir hissəsi olaraq ilk quyuda sualtı müdaxilə işi uğurla tamamlanmış və quyu lazımı məlumatlar toplandıqdan sonra yenidən suvurma fəaliyyətini davam edib.
Birinci rüb ərzində AÇG-də 2 neft hasilatı quyusu, 3 su injektoru və 1 qaz injektoru quyusu qazılıb tamamlanıb.