BAKI, 17 yanvar. TELEQRAF
İranda etirazlar zamanı ölkə üzrə çoxsaylı ictimai iaşə obyektləri, dövlət binaları və polis məntəqələri yandırılaraq tamamilə yararsız hala salınıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, vətəndaşlara məxsus mülklər və mənzillər hədəf alınıb, bəzi şəhərlərdə 200-ə yaxın ticarət obyekti yandırılıb.
"Mağazalarını bağlamaqdan imtina edən sahibkarlar isə fiziki zorakılıq ilə hədələniblər.
53 yanğınsöndürən və 180 təcili tibbi yardım avtomobili məhv edilib. Təkcə paytaxtda 26 bank filialı və 25 məscid vandalizmə məruz qalıb, ölkə üzrə isə ümumilikdə 53 məscid yandırılıb.
Yaralı şəxslər qətlə yetirilmişdir belə ki, vətəndaşların yaralıları xəstəxanaya çatdırmaq cəhdi zamanı, bəzi şəxslər kömək bəhanəsi ilə onlara qoşulmuş, lakin bir qədər sonra hər 11 yaralıya yaxın məsafədən "nəzarət atəşi" açaraq onları qətlə yetirmişlər", - məlumatda deyilib.
Həmçinin silahlı qruplardan 1300-dən çox odlu silah və hərbi sursatın müsadirə edildiyi qeyd olunub.
Açıqlamada İranın dinc etiraz hüququnu tanıdığı, eyni zamanda vətəndaşların təhlükəsizliyinin, ictimai mülkiyyətin və milli asayişin qorunmasına sadiq olduğu vurğulanıb.
Qanunvericiliyə uyğun olaraq iğtişaşçı və terrorçu ünsürlərə qarşı qəti tədbirlərin görüləcəyi bildirilib.